20.04.2026
20 aprel 2026 - cı il tarixində Qazax - Tovuz Regional Mədəniyyət İdarəsinin Ağstafa rayon üzrə mədəniyyət müəssisələrinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon Komitəsinin birgə təşkilatçılığı ilə şəhid anası Xatirə Əliyevanın "Xəyalsız illərim" adlı kitabının təqdimatı keçirildi. Tədbirdə mədəniyyət işçiləri, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının bir qrup məsul işçiləri, rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda əziz canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Prezidenti , Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını xüsusi olaraq bildirdilər. Çıxışlarda Xatirə Əliyevanın qələmə aldığı "Xəyalsız illərim" adlı kitabı haqqında geniş məlumat verildi. Kitabda müəllifin 2020 - ci ildə Vətən müharibəsində şəhid olmuş oğlu, cəsur hərbiçi Xəyal Əlizadə ilə bağlı ayrılıq, həsrət kök salmış şeirləri, həmçinin vətənimizin müdafiəsində şəhid olmuş Azərbaycan oğulları haqqında , eləcə də müəllifin ömür yolundan bəhs edən poeziya incilərinin öz əksini tapdığı qeyd olundu.
Xatirə Əliyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi.
Tədbirin sonunda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon Komitəsi tərəfindən Xatirə Əliyevaya hədiyyə verildi.